Meksika və Perunun bir sıra nüfuzlu KİV-də Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribatlara dair məqalələr dərc olunub — FOTO



Meksika və Perunun bir sıra nüfuzlu kütləvi informasiya vasitələrində ("Peruinforma", "Prensa21", "La Razon", "Expreso", "Federación de Periodistas del Perú, "Protocolo Foreign Affairs" və s.) Azərbaycan tərəfinin verdiyi məlumatlara istinadən Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin iyulun 12-də qəfil artilleriya hücumu ilə növbəti dəfə atəşkəs rejimini pozması, hücumların qarşısını alarkən azərbaycanlı hərbçilərin həlak olması və yaralanması, habelə dinc yaşayış məntəqələrinin də ciddi ziyan görməsi barədə məqalələr dərc edilib.

Azərbaycanın Meksikadakı Səfirliyindən Day.Az-a verilən məlumata görə, yazılarda Ermənistan tərəfindən bu təxribatın öncədən planlaşdırılmış qaydada, məqsədli şəkildə törədildiyi vurğulanır və Ermənistanın həm qoşunların təmas xəttində, həm də dövlət sərhəddində dəfələrlə belə təxribatlara əl atdığı qeyd edilir. Məqalələrdə bu kimi təxribatların məqsədinin Ermənistanın dünya ictimaiyyətininin diqqətini Azərbaycanın 20% ərazilərini işğal etməsi və bu ərazilərdə etnik təmizləmə aparması faktlarından yayındırmaq olduğu açıqlanır. Bu kimi hərəkətlərlə Ermənistan rəhbərliyinin ölkəni dərin böhran həddinə çatdıran pandemiya qarşısında əlacsız qalması fonunda xalqın diqqətini son dərəcə kəskin sosial-iqtisadi və siyasi vəziyyətdən yayındırmağa çalışdığı da bildirilir.

Dərc olunmuş məlumatlarda belə təxribatlarla Ermənistanın yalnız ATƏT-in Minsk qrupu çərçivəsində aparılan və onsuz da kövrək durumda olan danışıqlar prosesinə xələl gətirməyə deyil, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını də bu münaqişəyə cəlb etməyə, təşkilata üzv ölkələri isə özünün çirkin siyasətinin alətinə çevirməyə cəhd etdiyi qeyd edilir.

Yazılarda beynəlxalq hüququ, bu xüsusda ərazi bütövlüyü və ölkələrin suverenliyi kimi əsas prinsipləri dəstəkləyən beynəlxalq ictimaiyyətin çoxsaylı üzvlərinin Ermənistanın təxribat xarakterli əməllərini pislədiyi vurğulanır.

Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan ordusunun mövqeləri və yaşayış məntəqələrinin Ermənistan ərazisindən atəşə tutulmasının davam etdiriləcəyi halda, belə təxribatçı hərəkətlərə Azərbaycan tərəfindən bundan sonra da adekvat cavab veriləcəyi haqda bəyanatı da öz əksini tapır.